AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Mənzillərdə qaz sayğaclarının quraşdırılması və istismara verilməsi

Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının

quraşdırılması və istismarı barədə məlumat

 

1.      Ümumi müddəalar.

 

1.1        Qaz sayğaclarının quraşdırılması, istismara qəbul edilməsi, qeydiyyata alınması, Dövlət yoxlamasından keçirilməsi “Qaz təchizatı haqqında” Qanuna, “Qaz təsərrüfatında təhlükəsizlik və texniki istismar qaydalarına” və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun yerinə yetirilməlidir.

1.2        Məişət qaz sayğaclarının markası, miqdarı, novü və quraşdırılma yerləri layihə-smeta sənədləri əsasında qüvvədə olan normativ texniki sənədlərin tələblərinə riayət edilməklə təyin olunur.

1.3        Sayğaclar layihə-smeta sənədləri əsasında çəkilmiş və müvafiq qaydada istismara verilmiş daşıyıcı qaz xətlərinin üzərində quraşdırılır.

1.4          Qazın təzyiqi normadan aşağı olan xətlərin, həyətlərdən keçən daşıyıcı xətlər üzərində və tikinti–quraşdırma işləri başa çatdırılmayan qaz kəmərlərinin üzərində sayğacların quraşdırılmasına yol verilmir.

1.5        Qaz xətlərinin üzərində yalnız Ölçü Vasitələrinin Dövlət Reyestrinə daxil olan və müvafiq qaydada Dövlət yoxlamasından keçirilmiş sayğaclar quraşdırılır.

1.6    Sayğacın növbəti Dövlət yoxlamasının müddəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısına və onların yoxlama dövriliyinə əsasən müəyyən edilir.

1.7         Mənzillərdə (evlərdə) məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri "Azəriqaz" İB-nin müvafiq stuktur bölmələri tərəfindən, G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirlməsi işləri isə “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən yerinə yetirilir.

1.8      Sayğacların (plombların) quraşdırılması, çıxarılması və əvəz olunması ilə əlaqədar bütün hallarda “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli “AKT” tərtib edilir.

1.9         Hər hansı bir abonent və ya şəxs tərəfindən özbaşına mənzilinin qaz xətti üzərində sayğac quraşdırılması və istismara qəbul edilmiş mövcud sayğacın açılması qəti qadağandır.

 

2.      Qaz sayğaclarının quraşdırılması.

2.1        Sayğac, ona xidmət edilməsi və göstəricilərinin qeydə alınması mümkün olan, zədələnməsini istisna edən yerlərdə quraşdırılmalıdır. Sayğac şaquli vəziyyətdə qaz kəmərinə sərbəst, yəni hər hansı bir əlavə fiziki qüvvə istifadə edilmədən və yer səthindən sayğacın alt hissəsinə qədər 1,8-1,6 metr hündürlükdə quraşdırılmalıdır (Sayğacın zədələnmədən istisna hallarında quraşdırılma hündürlüyü nəzərə alınmalıdır).

2.2     Vibrasiyadan, titrəyişdən əmələ gələ bilən təsirdən və korroziyadan mühafizə məqsədi ilə sayğacın quraşdırılması divarlara toxunmamaq şərti ilə aparılmalıdır (Quraşdırılan sayğacın divarla ara məsafəsi 3-5 sm olmalıdır).

2.3       Günəş şüalarının birbaşa düşdüyü yerlərdə, açıq havada və ya kənar şəxslərin müdaxilə edə biləcəyi yerlərdə quraşdırılan qaz sayğacları xüsusi mühafizə qutusuna yerləşdirilməli və qutunun açarı abonentə təhvil verilməlidir.

2.4    Qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır.

2.5         Quraşdırıldıqdan əvvəl sayğaca vizual baxış keçirilməlidir. Sayğacın üzərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin plombunun, hesablama mexanizminin və klapanların istismara yararlı vəziyyətdə olması yoxlanılmalıdır.

2.6        Giriş və çıxış qayka birləşmələrinin (ştuserlərin) sıxlaşdırıcı (kipləşdirici) halqalarının arasına qüvvədə olan normativ-texniki sənədlərə müvafiq (paranit) və ya yağa-benzinə davamlı rezin araqatı qoyulmalıdır.

2.7      Sayğacları quraşdırdıqda onların ştuserlərindəki və üst qaykalarındakı yivlərin bir-birinə uyğunluğu əvvəlcədən yохlanılmalıdır.

2.8        Qaz sayğacının quraşdırılması nəzərdə tutulmuş mənzildə (evdə) yaşayış olmadığı halda (abonent aşkar olunmadığı halda) təbii qaz təminatı qaynaq üsulu ilə dayandırılır və sayğac quraşdırılması abonentin yazılı ərizəsi əsasında aparılır.

2.9        Sayğacların quraşdırılaraq istismara qəbul edilməsi və təbii qazın verilməsi yalnız birləşmələrə (giriş və çıxış qayka birləşmələrinə, flyanslara və hesablama mexanizminə) plomb vurulduqdan sonra həyata keçirilir.

 

3.      Qaz sayğaclarının istismara qəbul olunması.

 

3.1        Qaz sayğacı quraşdırıldıqdan sonra, qaz açılarkən daxili kəmərlərin kipliyi, sayğacın mexanizminin səlis (maneəsiz) hərəkət etməsi yoxlanılıb istismara qəbul olunması üçün sayğacın növünün, markasının layihəyə uyğunluğu və gövdəsindəki hərəkət istiqamətinin işarəsinin qazın faktiki hərəkəti ilə eyni olmasına nəzarət edilməlidir.

3.2        Sayğacın hesablayıcı mexanizminin qapağı, giriş və çıxış borusu plomblanmalıdır.

3.3        “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli “AKT tərtib olunmalı və imzalanmalıdır.

3.4        “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli “AKT”-a imza etməkdən imtina edən istehlakçının qaz təminatı dayandırılır və bu haqda akt tərtib edilir.

 

 

 


2016      All rights reserved