Qaz paylayıcısı tərəfindən “Qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi” barədə

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş 2022-ci il 08 aprel tarixli 1658 nömrəli Fərman (AR Prezidentinin 2022-ci il 08 aprel tarixli 1658 nömrəli Fərmanı) 2022-ci ilin  may ayının 1-dən etibrən hüquqi qüvvəyə minmişdir. Qanuna əsasən Qaz paylayıcısının işçiləri Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən Nazirlər Kabineti tərəfindən 25.06.2023-cü il tarixili 214 nömrəli “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”, 215 nömrəli “Qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”, 216 nömrəli “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası” 217 nömrəli “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası” və 06.02.2023-cü il tarixli “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası” işlənib hazırlanmış və təsdiq edilmişdir.

“Qaz təchizatı haqqında” qanunun 6-2-ci maddəsinin və 215 nömrəli “Qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın 3.1. bəndinin tələbinə əsasən Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə ildə bir dəfə (hər il noyabrın  1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.

Müayinə istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qaz paylayıcısı tərəfindən ödənişsiz keçirilir.

Qaydanının 3.4. bəndinin tələbinə əsasən Qaz paylayıcısının işçisi müayinənin nəticələrini istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş 2 (iki) nüsxədən ibarət olan aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər.

Qaydanının 3.5. bəndinin tələbinə əsasən İstehlakçı  qaz paylayıcısının  işçilərini  onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinə üçün buraxmadıqda və ya müayinə keçirməsinə maneə törətdikdə və müayinənin keçirilməsinə şərait yaratmadıqda, qaz paylayıcısı bu barədə müvafiq aktda qeyd aparmaqla qazın verilməsini dayandıra bilər.

Həmçinin “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın 6.1. bəndinin tələbinə əsasən müayinə və texniki xidmətlə (texniki xidməti qaz paylayıcısının keçirdiyi halda) bağlı məlumatlar müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil edilməlidir. Məlumatlar sahibin təyin etdiyi məsul şəxs (şəxslər) tərəfindən Reyestrə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir.

 “Qaz təchizatı haqqında” Qanunun 6-3. Maddəsinin 2-ci hissəsində Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, qaz paylayıcısı Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. İstehlakçı müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir.

 

YADDA SAXLAYIN:

- Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin

- Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.

- Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın

- Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin.

- Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki işlək kranı bağlayın.

- Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin və mənzilin havasını dəyişdirib 104 №-li telefonla qaz-qəza xidmətinə müraciət edin.

- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl  qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın.

- Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki  giriş kranını (ventili) bağlayın, 101 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz-qəza xidmətinə xəbər verin.

- Daxili qaz kəmərləri  və qaz cihazlarına  profilaktik xidmət göstərilməsinə maneçilik törədə bilən işlərə yol verməyin.

- Qaz sobalarının və su qızdırıcılarının  tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün  başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizlənməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.

- İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəsissə rəhbərinin əmri ilə təyin edilməli və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları” na uyğun olaraq imtahan verməlidirlər.

 

      QADAĞANDIR:

-Qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması.

- Qaz cihazları üzərində paltar və ya digər alışa bilən əşyaların qurudulması.

- Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması.

 

Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız !

light-logo