EMTA ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı attestasiyanın keçirilməsi üçün sənəd qəbulu elan edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, texniki xidmətin həyata keçirilməsi üçün ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı attestasiyanın keçirilməsi üçün sənəd qəbuluna dair
ELAN
1. Attestasiyada iştirak etmək istəyən namizədlərə dair tələblər:
- energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə malik olmalıdır;
- müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalıdır.
2. Namizədlər ərizəni Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa təqdim edə və ya poçt rabitəsi vasitəsilə göndərə bilərlər.
3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- namizədin fotoşəkli (30x40 mm ölçüdə 2 ədəd);
- namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- namizəd hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə namizəd arasında bağlanılmış əmək müqaviləsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış;
- müvafiq sahə üzrə peşə təhsili haqqında diplomun (sertifikatın) surəti;
- müvafiq ixtisas üzrə iş stajını təsdiq edən əmək kitabçasının surəti.
4. Sənədlərin qəbulu 23 noyabr 2024-cü il saat 17:00-dək həyata keçirilir. Qeyd olunan vaxtdan sonra təqdim edilən sənədlər qəbul olunmur.
5. Sənədlər tam təqdim olunmadıqda və yaxud təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar edildikdə namizəd 3 (üç) gün müddətində yazılı və ya elektron formada məlumatlandırılır. Namizəd attestasiyanın keçirilməsinə ən azı 10 (on) gün qalanadək səhv və ya uyğunsuzluqların aradan qaldırılmasını və çatışmayan sənədlərin təqdim olunmasını təmin etmədikdə onun attestasiyaya buraxılmasından imtina olunması barədə qərar qəbul ediləcəkdir.
6. Attestasiya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcəkdir. Attestasiya proqramı ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi internet səhifəsində (www.regulator.gov.az) tanış ola bilərsiniz.
7. Attestasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat attestasiyanın keçirilməsindən ən azı 10 (on) gün əvvəl Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi internet səhifəsində (www.regulator.gov.az) yerləşdiriləcəkdir.
8. Əlavə məlumatlar Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi internet səhifəsindən (www.regulator.gov.az) və ya 974 Çağrı Mərkəzindən əldə edilə bilər.