ƏVƏZLƏNƏN SMART-KART TİPLİ SAYĞACLARDAKI BİR MİLYON MANATA YAXIN AVANS VƏSAİT YENİ SAYĞACLARIN BAZASINA KÖÇÜRÜLÜB

28 Avqust 2020

Məlumat verdiyimiz kimi Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir.Bu proses zamanı abonentləri daha çox narahat edən məqamlardan biri də əvəzlənən smart-kart tipli sayğacların balansında qalan avans məbləğin yeni quraşdırılan mexaniki tipli sayğacın bazasına yerləşdirilməsidir. Bildirmək istərdik ki, bu avans məbləğ 2 fərqli baza arasında məlumat mübadiləsi aparılmaqla azı 10, maksimum 30 günə yeni sayğacın hesabında qeydiyyata alınır. 2020-ci ilin 7 ayı ərzində 53270 abonentin 913624 manat avans məbləği yeni quraşdırılan sayğacın bazasına qaytarılıb. Bu statistikadan 40946 abonent və onların geri qaytarılan 697262 manat avans məbləği təkcə Bakı şəhərinin payına düşür. Əlbəttə ölkəmizdə yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı sərt karantin rejimi tətbiq olunan bəzi vaxtlarda bu prosesdə gecikmələr olub. Lakin daha sonra yol verilən nöqsanlar dərhal aradan qaldırılıb.

Xatırladaq ki, sayğacların əvəzlənməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2015-ci ildə təsdiq etdiyi “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədinə əsasən icra olunur. Sənəddə göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Tərtib edilmiş siyahıya görə 2020-ci ildə 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir.

light-logo